“Külək-alov” konsepsiyası əsasında hazırlanan Socar Tower binasının tikintisinə 2010-cu ildə başlanılmışdır. Binanın təməlqoyma mərasimində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev iştirak etmişdir. Təxminən 5 il ərzində ərsəyə gələn bina Heydər Əliyev prospektində ucaldılıb. 200 metr hündürlüyündəki binanın modern arxitekturası Bakımızın müasir görünüşü ilə uyğunlaşır. Öz funksional xüsusiyyətlərinin əlverişliliyi ilə seçilən bina Avropa standartlarına cavab verir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ofis binası olaraq istifadə olunan tikili 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla, ümumilikdə 5 hektar sahəni əhatə edir. Burada 5 konfrans zalı, fitnes mərkəzi, eyni vaxtda 1243 nəfərin istifadə edə biləcəyi bir neçə yeməkxana fəaliyyət göstərir.
Binanın yeraltı mərtəbəsində 1045, yerüstü mərtəbəsində isə 240 avtomobili qəbul edə biləcək dayanacaqlar var. Binanın ikinci mərtəbəsi fitnes mərkəzi, 3-6-cı və 18-37-ci mərtəbələri Şirkətin struktur bölmələrinin ofisləri üçün nəzərdə tutulub. Binanın fasadının ümumi sahəsi 27 min kvadrat metr, zirzəminin sahəsi təxminən 52 min kvadrat metr, ofis hissəsinin sahəsi isə 40,5 min kvadrat metrdir. Layihənin sahəsi 100 min kvadrat metrdən artıqdır.