
Hörgü bloklarında tətbiq olunan qızıl qaydalar
Tikintinin özülü doldurulub, artıq növbəti mərhələ divarların yüksəldilməsidir. Qazbeton bloklara hörgü prosesi texnoloji qaydalara ciddi riayət olunmanı nəzərdə tutur. Divarların məsaməli qazbeton bloklarla inşası geniş və çoxmərhələli prosesdir. Biz bu dəfə bəzi detalların üzərində dayanacağıq. Qeyd edək ki, bu tikinti materialının əsas üstünlükləri sadə istehsal prosesi, yüngül çəkisi, möhkəmliyi və istilik izolyasiyasıdır. Həmin üstünlüklər sayəsində peşəkar ustalar böyük məmnuniyyətlə onlardan istifadə edirlər. Düzgün təlimat qaydalarının qorunması isə divarları ikiqat keyfiyyətlə təmin edir.
Qazbeton bloklardan hörülən divarın möhkəm və davamlı olması üçün xüsusi alətlərsiz keçinmək mümkün deyil. Qarışığı hazırlamaq üçün sənaye mikseri, qarışdırmaq üçün xüsusi qab olmalıdır. İrimiqyaslı inşaatlarda, təbii ki, prosesə betonqarışdıran maşınlar cəlb edilir. Məhlulun çəkilməsi üçün isə müxtəlif ölçülü kəmçə lazım olacaq. Blokların nizamlı düzülüşü isə xüsusi çəkic və tarazlıq ölçən alət ilə həyata keçirilir. İşin xüsusiyyətindən asılı olaraq, inşaat prosesinə cilalama lövhəsi, kanal açan, rəndə və s. lazım ola bilər.
Təməlin hazırlanması
Hörgü işlərinə başlamazdan əvvəl taraz vasitəsi ilə təməlin üfüqi düzlüyü yoxlanılır və bu zaman 2 sm-ə qədər əyilmələr qəbul olunandır. Hörgü işlərinə başlamazdan əvvəl işlərin yerinə yetiriləcəyi səth fırça vasitəsilə təmizlənir, təmizlənmiş səthə hidroizolyasiya qatı çəkilir.
İlk cərgənin hörülməsi
Məsaməli hörgü bloklarından tikiləcək divarın ilk cərgəsinin dəqiqliyi digər cərgələrə və eyni zamanda bütün hörgü prosesinə təsir edir. Buna görə də bu prosesin icrasında olduqca diqqətli olmaq çox önəmlidir.
Tikiləcək divarın alt qatı mütləq düz olmalıdır. Divarın künc nöqtə göstəriciləri ip çəkilərək müəyyən edildikdən və tikinti altı toz və tullantılardan təmizləndikdən sonra 2 sm qalınlığında qum-sement məhlulundan bərabərləşdirici alt qat hazırlanır və ilk cərgə hörülür. Əgər alt qat tələb olunduğu kimi düz olmazsa, mütləq əlavə qum-sement məhlulu qatı ilə düzləşdirilməlidir.
Hörgünün ilk blokunun qoyulması sahənin ən hündür yerindən başlanmalıdır. Qum-sement məhlulu ilə təmasda olan blokların səthi su ilə isladılmalıdır. Blokların bir-birinə toxunan səthlərinə məsaməli hörgü yapışdırıcısı çəkilir. Bloklar düzülən zaman şaquli istiqamətdə tam şəkildə yerinə oturdulmalıdır. Üfüqi istiqamətdə sürüşdürməyə yol verildiyi halda blokların altındakı hörgü məhlulu iki blok arasına daxil olmaqla bir-birinə tam yapışmağa imkan vermir. Buna görə də proses zamanı üfüqi istiqamətdə sürüşdürmələrə qəti yol vermək olmaz.
BƏZİ STANDARTLAR DƏYİŞMƏZ
MƏSAMƏLİ HÖRGÜ BLOKLARI YAPIŞDIRICISININ SƏRFOLUNMA HƏCMİ
Divar qalınlığı (mm) Yapışqan qalınlığı (kq/m2)
100 1.67
150 2.50
200 3.33
300 4.17
250 5.10
400 6.67