
İstilik izolyasiya materialı seçərkən nəzərə alınmalı 4 xüsusiyyət
Bütün xarici inşaat ünsürlərinin, məsələn, divarın, dam örtüyünün, pəncərənin, habelə tavanların yaxşı istilik izolyasiyası məkanın komfortlu mikroiqlimi üçün zəmin yaradır.
Gobustone bu dəfəki bloqunda təhlükəsiz və sağlam bir istilik izolyasiya materialı seçərkən nəzərə alınmalı 4 əsas xüsusiyyəti diqqətinizə çatdıracaq.
- Təbiilik
Cəmiyyətin məlumatlandırılması sayəsində təbii maddələrdən hazırlanmış məhsullara maraq gündən-günə artır. İstehlakçıların qida məhsulları seçimində xüsusi diqqətlə yanaşdıqları bu xüsusiyyət bu gün inşaat materialları sektorunda da böyük önəm kəsb edir.
Bu baxımdan binalarda bütün səthi örtən istilik izolyasiya materiallarının tərkib xüsusiyyətləri xüsusi əhəmiyyət kəsb edir. Mineral tərkibli istilik izolyasiya materiallarının istifadəsinin artması sağlam və təbii materiallara olan tələbatı qarşılayır. Mineral istilik izolyasiya materiallarında heç bir kimyəvi maddə olmur. Təkrar emal edilə bilən təbii xammaldan ibarət mineral istilik izolyasiya materiallarının istifadəsi binaların insanlar üçün daha sağlam bir mühit təmin etməsinə imkan verir.
- Yanğına davamlılıq
Yanmayan və ya çətin alışan istilik izolyasiya materiallarının istehsalı geniş yayılmışdır. Bütün strukturlarda, xüsusən də ictimai binalarda yanğına davamlı və yanmayan tikinti materiallarından istifadə etmək vacibdir.
Binalarda istifadə olunan istilik izolyasiya materiallarının yanğına davamlı olub-olmaması istehlakçı tərəfindən mütləq sorğulanmalı nüansdır.
Yanğın əleyhinə müdafiə normaları inşaat ünsürlərinin alışan olub-olmamasını və inşaat ünsürlərinin hansı müddətə yanğına davamlı olduqlarını nizamlayır. Beləliklə, yanğının əmələ gəlməsinin və yayılmasının qarşısı alınır və yanğın zamanı xilasetmə əməliyyatlarının aparılması imkanı təmin olunur.
A1 qrupuna daxil olan yanmayan istilik izolyasiya məhsulları yanğın zamanı zəhərli qaz və tüstü buraxmırlar və alovlanmanı gücləndirmirlər. Yanğın zamanı tikinti materialından zəhərli qazlar meydana gəlməyəcəyi üçün insan itkisi azalır və bina sakinlərinin binanı tərk etmələri və xilasetmə tədbirləri üçün kifayət qədər vaxt təmin edilir.
- Enerjiyə qənaət
Enerji itkisinin 40% -i həyatımızın çox hissəsini keçirdiyimiz binalardan qaynaqlanır. Bəzi istilik izolyasiya materialları müəyyən bir müddətdən sonra izolyasiya dəyərini itirə bilir. Bu səbəbdən istilik izolyasiyasında üstünlük veriləcək məhsulun performansının bütün şərtlər daxilində uzun illər davamlı olub-olmayacağı araşdırılmalıdır. Bir istilik izolyasiya materialı seçərkən, məhsulun istilik izolyasiya performansını təyin edən “istilik keçiriciliyi hesablama dəyəri” nə diqqət yetirilməlidir.
Bu məlumatları tikintini aparan podratçı şirkətdən və ya binanın istilik izolyasiya tətbiqini həyata keçirəcək şirkətdən soruşaraq öyrənə bilərsiniz.
- Məhsulun nəfəs alması
Həyatımızın 90%-i daxili məkanlarda keçir. Və bu məkanlarda sərf etdiyimiz zaman ərzində binaların daxili iqlim keyfiyyəti sağlamlığımıza əhəmiyyətli dərəcədə təsir göstərir. Binanın daxili hissəsinin sağlam olması üçün yaxşı havalandırma və təbii işıqlandırma ilə yanaşı nəfəs alan tikinti materialları da böyük əhəmiyyətə malikdir. Buna görə də xarici divarların tikintisi zamanı içəridəki buxarı və nəmi xaric edə bilən mineral istilik izolyasiya materiallarına üstünlük verilməlidir. Nəm xaric olduqda içəridə qalan hava sağlam bir mühit təmin edir.
Divarların nəfəs alması məsələsini binalardakı rütubət probleminin həlli ilə bağlı məqaləmizdə də ətraflı şəkildə nəzərdən keçirmişik.
Unutmayaq ki, öncədən alınan tədbir sonradan yaşana biləcək peşmançılığın qarşısını alır.